Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

23.05.2019- cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddət ərzində dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Muxtar respublika rəhbəri­nin tapşırığı ilə bir neçə dəfə ­təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib. Qeyd olunub ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə bu il mərkəzin yaranmasının 40 illiyinin yüksək səviyyədə qeyd olunması, yubileylə əlaqədar əməkdaşların mükafatlandırılması, eləcə də şəfa ocağı üçün yeni inzibati binanın tikilməsi haqqında göstərişin verilməsi muxtar respublikada dövlətin səhiyyəyə, tibb işçilərinə, onların əməyinə verilən ən böyük qiymətidir.

Elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyidin “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin inkişafında Duzdağ Fizioterapiya Mərkəzinin rolu” , Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Duzdağ Fizioterapiya Mərkəzinin səhiyyə turizminin inkişafında yeri”, Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Bronxial-astma xəstəliyində Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin effektivliyi”, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Heyran Qazı­bəyovanın “Dünyada bənzəri olmayan müalicə ocağı”, mərkəzin həkim-pulmonoloqu, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Nizami Şaxtaxtinskinin “Allergik xəstəliklərdə speleoterapiyanın rolu”, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rza­yevin “Bronxial-astmanın əmələ gəlməsində xroniki su və mineral çatışmazlığının rolu” mövzularında məruzələri dinlənilib, slaydlar nümayiş olunub.
Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova konfransda çıxış edib.
Sonra bir qrup səhiyyə işçisinə pul mükafatları təqdim olunub, “Duzdağ Fizioterapiya Mərkəzi – 40” filmi nümayiş etdirilib, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin çıxışı dinlənilib.

Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova və bir qrup müəllim-tələbə heyyəti ilə konfransda iştirak edib.

Bizi sosial şəbəkələrdə izləyin