QİÇS-lə mübarizə günü

01.12.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

          Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, 1dekabr  ümumdünya QiÇS-lə  mübarizə günüdür. Bu  günün  qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni  Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq  Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şüarı altında keçirilir. Yəni,  yeni yoluxma halları - sıfır, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları - sıfır və QİÇS -lə bağlı ölüm halları - sıfır. O, bildirmişdir ki, QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.  

XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.

Qeyd etmişdir ki, Azərbaycanda da HİV/AİDS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.    Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini gücləndirməkdir.

 

Sonra kollecin metodisti Səidə Şahverdiyeva  “Xəstəliyin yoluxma yolları, profilaktikası və müalicəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin