Qan Yaddaşımız

 

 

19.01.2021-ci ildə Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 20 Yanvar və Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.  

          Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Sonra kollecin metodisti Səaidə Şahverediyeva “1990—cı ilin Qanlı Yanvarı” , kollecin tələbəsi Çinarə Məmmədova “Azadlıq qəhrəmanları – 20 Yanvar şəhidləri” mövzusunda çıxış etdilər.

Tədbirin sonun kollecin tələbəsi İlkanə Əliyeva şəhidlərə həsr etdiyi şeirlə çıxış etdi.

İki min doqquz yuz iki şəhid!

Ey əziz şəhidim sayına qurban,

Vətən torpağında qanın tökülən

O yere, o yurda canına qurban.

 

Axsada üzümə indi göz yaşım,

Zəfər səninkidir əziz qardaşım,

Adınla ucaldı bu haqq savaşın,

Belə şöhrətinə, şanına qurban.

 

Şəhidlər heç zaman ölməz dedilər,

Vuruşur sonadək dönməz dedilər,

Sizi göydən enən mələk bildilər,

Müqəddəs sayılan adına qurban.

 Tədbirdən sonra tələbələr kollecdə təşkil olunmuş sərgiyə baxış keçirmişlər.

12 Dekabr-Anım Günü

    

11.12.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində  xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Əvvəlcə  bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Sonra kollecin müəllimi Rəna Vəliyeva “Ümumilli Heydər Əliyevin həyatı və uzaqgörən siyasəti” mövzusunda çıxış etmişdir.

O, bildirmişdir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

   Tədbirin sonunda vidoçarx izlənilmişdir.

Hüseyn Cavid

05.11.2020 ci il tarixdə Naxçıvan Tibb Kollecinin kollektivi "Hüseyn Cavid " məqbərəsində ziyarətdə olmuşdular. 

QİÇS-lə mübarizə günü

01.12.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

          Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, 1dekabr  ümumdünya QiÇS-lə  mübarizə günüdür. Bu  günün  qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni  Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq  Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şüarı altında keçirilir. Yəni,  yeni yoluxma halları - sıfır, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları - sıfır və QİÇS -lə bağlı ölüm halları - sıfır. O, bildirmişdir ki, QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.  

XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.

Qeyd etmişdir ki, Azərbaycanda da HİV/AİDS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.    Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini gücləndirməkdir.

 

Sonra kollecin metodisti Səidə Şahverdiyeva  “Xəstəliyin yoluxma yolları, profilaktikası və müalicəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Muzey Günü

21 noyabr 2020-ci il tarixdə "Muzey Günləri" çərçivəsində Naxçıvan Tibb Kollecinin kollektivi "Heydər Əliyev" myzeyində olmuşdular.

17 noyabr - Naxçıvan Dövlət Bayrağı

 

Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmçinin qeyd edilmişdir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi torpaqlarımızı düşmən tapdağından azad etmiş, üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırmışdır.

Sonra kollecin müəllimi Aynur Sevdimalıyeva “Zəfər sevincimiz dövlət-xalq birliyinin təcəssümüdür”  mövzusunda çıxış etmiş, kollecin tələbələri  “Azərbaycan bayrağı” və “Qarabağa qayıdıram” şeirlərini səsləndirmişlər.

Tədbirin sonunda şəhid olmuş qəhrəmanlarımızdan bəhs edən videoçarx izlənilmiş, tədbirdə iştirak edən bir qrup müəllim və tələbə heyəti “Bayraq Muzeyini” ziyarət etmişlər.

Şəkərli Diabet

   13.11.2020 –ci il tarixdə Naxçıvan Tibb Kollecində   “14 noyabr Ümumdünya Diabet günüdür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

   Tədbiri giriş sözü ilə kollecin direktoru  Sona Məmmədova  açaraq  bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Bu tarix hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur. Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib və həmin kəşfə görə Nobel mükafatına layiq görülüb. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. Həmçinin bu günün qeyd edilməsi ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltməyə və onun qarşısını almaq istiqamətində səyləri birləşdirməyə şərait yaradır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.

   Qeyd etmişdir ki, milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır.

 

Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva çıxış edərək şəkərli diabetin tipləri,uşaqlarda şəkərli diabetin xüsusiyyətləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verimişdir.

   Sonda  Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova  “Şəkərli diabetin ağırlaşmaları və müalicəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələri  maraqlandıran suallar cavablandırılmışdır

  

Bayraq Günü

06 noyabr 2020-ci il tarixdə Naxçıvan Tibb Kolecində Bayraq günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

O , qeyd etmişdir ki, Ali Məclisin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu öndər bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

          Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və Heydər Əliyev yoluna sədaqətlərini ifadə edirlər

Sonra Naxçıvan Tibb Kollecinin müəllimi Pakizə Babayeva “ Bayraq gününün əzəmətli tarixi”mövzusunda çıxış etmiş , kollecin tələbəsi Leylan Cəfərova “Bayraq” şeirini səsləndirmişdir.

Tədbirin sonunda videoçarx izlənildi.

Təhsil müəssisələrində yanğın təhlükəsizliyi

26.10.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından isifadə zamanı təhlükəsizlik qaydlarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru , müəllim və texniki işçiləri iştirak etmişdir.

Tədbirin əsas məqsədi aşağıdakılardır:

 Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi qaydlarını öyrətmək.

Təhsil müəssisələrinə məxsus inzibati binalara, qazanxana və xidməti orqanlarına olan yanğın təhlükəsizliyi tələbləri , eləcədə yaradılan könüllü yanğın dəstəsinin fəaliyyəti, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və iş prinsipi haqqında iştirakçılara məlumat vermək.

Təbii qazdan istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması məqsədi ilə məlumatlar vermək.

Qış mövsümü dövründə yaşayış sahələrində qaz və elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək.

Daşınmaz əmlakın icbari siğortası və daşınmaz əmlakın mülki məsuliyyətinin siğortası ilə bağlı tədbir iştirakçılarına məlumat vermək.

Mövsümə uyğun dövrlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi haqqında iştirakçılara məlumat vermək.

Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bu cür maarifləndirici tədbirlərin keçirilməsi təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və eləcədə təhsil alan tələbələr üçün vacib olduğunu vurğulamış və təhsil ocağında yanğın təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. 

Sonra Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı daxili xidmət mayoru Hasil Məmmədov  “Təhsil müəssisələrində fövqaladə hallara hazırlığın vəziyyəti və yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yaşayış evlərində qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər” mövzusunda,  Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin , yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov “Yaşayış evlərində məişət elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarında diqqət yetirilməlidir həmçinin Fövqaladə Hallar Nazirliyinin 101 və 112 xidmətləri haqqında məlumat vermək” mövzusunda çıxış etmişlər.

Tədbirin sonunda Tədbir müddətində iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmiş, “Yanğın təhlükəsizliyi və qaz cihazlarından istifadə qaydaları”  ilə bağlı videoçarx və slaydlar təqdim olunmuşdur.

Payız - qış mövsümü ilə bağlı Maarifləndirici Tədbir

20.10.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində payız –qış mövsümünə hazırlıqla bağlı “Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru , müəllim və texniki işçiləri iştirak etmişdir.

Tədbirin əsas məqsədi aşağıdakılardır:

 Naxçıvan Tibb Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar barədə müəllim heyətinə ətraflı məlumat vermək.

Kollecin daimi heyətinin və tələbələrin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi ilə bağlı müəllimlərə köməklik göstərmək. 

Fövqalədə hallar zamanı mühafizə üsulları, ilk yardım və qarşılıqlı yardım məsələləri ilə bağlı müəllim heyətinə təcrübə qazandırmaq.

Təhsil müəssilərində yanğın təhlükəsizliyi və dəm qazından mühafizə məsələləri ilə bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə vəzifəli şəxslərin və işçilərin məsuliyyətini artırmaq.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Qasımov Emin İsrafil oğlu “Təhsil müəssisələrinin daimi heyətinin və şağirdlərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən edilmiş qaydalar” , Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının mülki müsdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Cəfərova Azadə Bəhlul qızı  “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tələblərinə əməl olmalıdır. Dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydalarını hamı bilməlidir” mövzusunda çıxış etdilər.

 

Bizi sosial şəbəkələrdə izləyin